Muxtəsər təfsir
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَـٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ بِـَٔايَـٰتِنَا فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا مُّجْرِمِينَ ﴿٧٥﴾
Bir müddət keçdikdən sonra Biz o elçilərin arxasınca Musanı və onun qardaşı Harunu Misir hökmdarı Fironun və Fironun qövmündən olan zadəganların yanına göndərdik. Biz Musa və Harunu onlara, həqiqətən də onların hər ikisinin Allah tərəfindən göndərildiyinə dəlalət edən açıq-aydın möcüzələrlə göndərdik. Lakin onlar Musanın gətirdiyinə iman etməkdən təkəbbürlük göstərdilər. Onlar Allaha küfr edib və Onun elçisini yalan hesab etdikləri üçün günahkar bir tayfa oldular.